Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır.
Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir
Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.